Gəncədə“Əli və Nino” izləri
“Əli və Nino” ilk baxışda məhəbbət romanı olsa da, bu əsər həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun keçdiyi keçməkeşli yollar və istiqlal fədailərinin son ana qədər mübarizəsini əks etdirir. Əsərdə hadisələr Gəncədə, Şuşada, Bakıda, Tbilisidə, Dağıstanda və İranda cərayan edir. Romanda Gəncə ilə bağlı məqamlar kifayət qədərdir. Belə ki, Əli xan Şirvanşirin ulu babası Gəncə yaxınlığında ruslara qarşı döyüşdə qəhrəmancasına həlak olmuşdur. Əsərin sonluğu Əlinin ulu babası ilə eyni taleyi yaşadığını göstərir. Müəllif romanın son hissəsində Gəncə camaatının Cümhuriyyətin süqutundan sonra bolşeviklərə qarşı üsyanını qələmə almışdır. Əsərin qəhrəmanı Əli məhz bu döyüşlər zamanı Gəncəçayın üzərindəki körpüdə qəhrəmanlıqla həlak olur. Tur zamanı keçə biləcəyiniz bu körpü Gəncədə Mirzə Abbas Abbaszadə küçəsində yerləşir və bəzi mənbələrdə onun inşasının XI-XII əsrlərə aid olduğu bildirilir. Körpü sonrakı dövrlərdə bir neçə dəfə sökülərək yenidən inşa edilib.
Marşrutun digər maraqlı yerləri sırasına Azərbaycan Xalq Cümhuriyyətinin hökumət binası, 17-ci əsrə aid olan və romanda Əlinin sığındığı Cümə məscidi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Lüteran kilsəsi, “Gəncəçay” park-bulvar kompleksində “Əli və Nino” abidəsi daxildir.