dadlıGəncə nemətləri və mətbəxi
Gəncə qədim tarixi ilə yanaşı, həm də gənclik ruhunu özündə əks etdirən şəhərdir. Bu da Gəncənin milli mətbəxində öz əksini tapmışdır. Yerli təamlar olduqca çeşidli və maraqlıdır. Bu şəhər özünəməxsus şirniyyatı və yeməkləri ilə seçilir. Bakı paxlavasından fərqli olaraq, Gəncədə bişirilən paxlavanın rəngi açıq olur və o, mis sinidə köz üzərində bişirilir. Nanə, ispanaq və kərəviz kimi göyərtilərdən hazırlanan Gəncə dovğası; ətli, ağ pendirli, yaxud göyərti qutabı, kətə Gəncəyə səfər zamanı mütləq dadmalı olduğunuz yerli kulinariyanın sevimli nemətləridir. Səyahət menyunuzda olmalı digər yemək - üstü quzu əti ilə, quru meyvələrlə və soğanla örtülmüş və fətirlə əhatələnmiş piroqu xatırladan Şah plovun dadı isə damağınızdan heç vaxt getməyəcək.